“Azadlıq Hərəkatçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin saflığının qorunması” layihəsini həyata keçirir.
“Azadlıq Hərəkatçıları” İB-nin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, layihənin başlıca məqsədi “Qloballaşan indiki dünyada Azərbaycan dilinin saflığının qorunması və dilçiliyin inkişafına dair” Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin aprelində imzaladığı Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsində cəmiyyətin fəallığını artırmaqdan, ziyalıların və gənclərin diqqətinin bu mühüm sahəyə cəlb edilməsinə yardımçı olmaqdan ibarətdir. 1 avqust Azərbaycan dili və əlifbası günü ərəfəsində layihənin icrasının gedişi ilə bağlı layihənin rəhbəri, “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov bunları dedi: - Layihə çərçivəsində dilçi-alimlərdən ibarət ekspert qrupu tərəfindən son 15 ildə istehsal olunmuş 46 bədii filmin və hər birindən üç bölüm olmaqla 16 teleserialın müşahidəsi həyata keçirilib. Müşahidələr zamanı Ana dilimizlə bağlı qüsurları hər bir azərbaycanlını ciddi narahat edəcək qədər çoxdur. Elə filmlərimiz var ki, araşdırma zamanı 200-dən çox dil qüsuru aşkar edilib. Hazırda layihənin İcra Planına uyğun olaraq SƏS TV onlayn televiziyasında “Kinomuz və dilimiz” adlı video-filmin çəkilişinə başlamışıq. Aşkar olunan qüsurlar narahat olmağa kifayət qədər ciddi əsas verir. Ona görə də nəzərdə tutmuşuq ki, yekunda Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının, Azərbaycan Kino Birliyinin, ziyalıların, gənclərin və film istehsalçılarının iştrakı ilə elmi-praktik Konfrans keçirək. Konfransda filmin nümayiş etdirilməsi və aşkar olunan qüsurlarla bağlı müzakirələrin keçirilməsi nəzərdə tutulur.