Bahadur Bilalov: “Festivalı izləmək üçün Rusiyadan, eyni zamanda, Avropa ölkələrindən çoxlu sayda turist ölkəmizə təşrif buyurub”
Məlumdur ki, Bakıda “Jara-2018” həyəcanı yaşanır. İyuun 26-da start götürən festival iyulun 29-dək davam edəcək. Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində baş tutan “Jara-2018” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün ölkəmizə Rusiyanın, eləcə də dünyanın tanınmış estrada ulduzları gəlib. Festivalda iştirak edən sənətçilər musiqi bayramını parlaq musiqi hadisəsi adlandırırlar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Qeyd edək ki, “Jara” sadəcə festival deyil, eyni zamanda, musiqi bayramıdır. Bu bayramda iştirak etmək və izləmək üçün tək ölkəmizdən deyil, dünyanın müxtəlif ölkələrindən musiqisevərlər ölkəmizə təşrif buyurub.
Məlumat üçün bildirək ki, artıq üçüncü ildir ölkəmizdə “Jara” festivalı keçirilir.
“Jara” festivalının turizmin inkişafına verdiyi töhfə haqqında danışan turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda keçirilən hər hansı tədbir müxtəlif parametrlərdən qiymətləndirilə bilər: “Bu tip festivalların ölkəmizdə keçirilməsi ilk öncə ölkənin tanıdılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu tədbirdə iştirak edən şəxslər Azərbaycan haqqında təəssüratlarını öz yaxınlarına məlumat verəcəklər. Bu isə Azərbaycanın reklamı deməkdir. Rusiyalı müğənni Filipp Kirkorov mediaya açıqlamasında Azərbaycanı bəyəndiyini və valeh olduğunu deyib. Əminəm ki, həmin şəxs öz ölkəsində dost-tanışına da ölkəmiz haqqında məlumat verəcək. Bu isə ölkəmizə gələcək turistlərin sayına təsir göstərəcək. Tək Filipp Kirkorov deyil, festivalda iştirak edən digər müğənnilər də ölkəmiz haqqında müsbət düşüncədədirlər. Onlar bu haqda düşüncələrini həm yerli və xarici mediaya açıqlamalarında qeyd ediblər, eyni zamanda, sosial şəbəkələrdə də yazıblar”.
Həmsöhbətimiz onu da bildirdi ki, festivalı izləmək üçün Rusiyadan, eyni zamanda, Avropa ölkələrindən xeyli sayda turist ölkəmizə təşrif buyurub: “Onu da deyim ki, bölgələrdən də sırf “Jara” festivalında iştirak üçün gələn vətəndaşlarımız da var. Bu tip festivalların keçirilməsi ölkənin tanıdılması ilə yanaşı, turizmin inkişafına səbəb olur”.
Günel CƏLİLOVA