Bahadur Bilalov: “Turizm sektorunda aparılan islahatlar, manatın məzənnəsindəki sabitlik və bu fonda az xərc tələb olunması Azərbaycanı rusiyalı turistlər üçün daha maraqlı edir”
Azərbaycanda son illər yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm infrastrukturu formalaşıb. Ölkəmiz əcnəbilər üçün cəlbedici məkanlardan birinə çevrilib.
Xaricdən Bakıya gələn qonaqların hamısı burada Şərqlə Qərb kaloritinin, qədimliklə müasirliyin unikal formada əks olunduğunu deyirlər. Onlar vurğulayırlar ki, Bakıda həyata keçirilən tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.
"TurStat" analitik agentliyinin sorğusuna əsasən, Bakı rusiyalılar arasında yay tətili üçün ən populyar yerlər sırasında birincidir. Bakı Rusiya vətəndaşları arasında yay tətili üçün ən populyar istiqamətlər siyahısının zirvəsində qərarlaşıb. Azərbaycan paytaxtı, həmçinin, həftəsonunun keçirilməsi və alış-veriş üçün istiqamətlər reytinqində də birinci olub.
Qeyd edək ki, ilk üçlüyə, həmçinin, Minsk və Almatı daxildir.
Agentliyin məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin şəhər və kurortlarında istirahət üçün sutkada orta hesabla 50-100 dollar xərcləyirlər.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, turizmin inkişafı istiqamətində görülən işlər sayəsində Azərbaycan turistlərin sevimli ölkəsinə çevrilir: “Bir sıra xarici ölkələrin turizmlə bağlı keçirdiyi sorğularda ölkəmiz ilk beşlikdə olur. Bu dəfə isə Bakı rusiyalı turistlər üçün ən gözəl istirahət məkanı olaraq seçilib. Bu olduqca sevindirici xəbərdir. Qeyd edim ki, Bakı tək rusiyalı turistlər üçün deyil, eyni zamanda, digər xarici ölkələrin vətəndaşları üçün də cəlbedicidir. Onu da bildirim ki, qonşu ölkələrin vətəndaşlarının səfərlər etməsi üçün nəqliyyat xərci yüksək olmur. Bu baxımdan turistlər daha çox qonşu ölkələrə səfər edirlər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, turizm sektorunda aparılan islahatlar, manatın məzənnəsindəki sabitlik və bu fonda az xərc tələb olunması Azərbaycanı rusiyalı turistlər üçün daha maraqlı edir: “Manatın məzənnəsindəki sabitlik, eyni zamanda, ölkəmizdə turizm sahəsində görülən müəyyən işlər, bu istiqamətdə aparılan islahatlar sektorun xaricilər üçün cəlbediciliyini artırıb”.
Günel CƏLİLOVA