Mayis Əliyev: “… əlilliyi olan şəxslərə münasibətin dəyişdirilməsi ilə bağlı müddəalar…”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu imzalayıb.
Qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risqlərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun imzalanmasına münasibət bildirən "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin (SHAİB) sədri Mayis Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası var. Həmin konvensiyanın tələbinə uyğun olaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi hazırlandı: “Qanun layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Milli Məclisdə QHT-lərlə birgə müzakirə olunub. Konvensiyada əlilliyi olan şəxslərə hansı təminat və hüquqlar nəzərdə tutulubsa, yeni qanunda da qeyd olunanlar öz əksini tapıb. Azərbaycan qanunvericiliyində olmayan reabilitasiya hüququ adlı hüquq meydana gəldi. Beləliklə, əlilliyi olan şəxslər reabilitasiya hüququndan istifadə edəcəklər.
Eyni zamanda, maarifləndirici tədbirlər həyata keçirməklə əlilliyi olan şəxslərə münasibətin dəyişdirilməsi ilə bağlı müddəalar qanunda öz əksini tapıb. Qanunda əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərində əlilliyi olan şəxslər üçün şəraitin təmin olunması və digər məsələlər əksini tapıb”.
Günel CƏLİLOVA