Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dövlət Komitəsinin sədr müavinləri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Binəqədi rayonu, 8-ci mikrorayonda Bakı Humanitar kollecinin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb.
Komitənin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkən Rövşən Rzayev onların problemləri ilə yerində tanış olub, suallarını cavablandırıb.
Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını deyib. Bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır. Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu deyən Dövlət Komitəsinin sədri daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlərin həyata keçirildiyini vurğulayıb.
Görüşdə digər rayon və şəhərlərdə də məcburi köçkünlərlə bu cür görüşlərin nəzərdə tutulduğu diqqətə çatdırıldı. Qeyd edildi ki, bu görüşün məqsədi məcburi köçkünlərin qayğıları ilə yaxından tanış olmaq, onların problemlərini daha dərindən öyrənməkdir.
İyulun 17-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri iştirak edib.
Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.