Telman Zeynalov: “… yerin təkinin geoloji öyrənilməsi və istifadəsi üzrə ciddi qayda yaradılmasında xüsusi rolu olacaq”
Xəbər verildiyi kimi, Azərbaycanda yeni dövlət agentliyi yaradılıb. Prezident İlham Əliyev yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında fərman imzalayıb.
Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb.
Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentliyin nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından agentliyə verilən aktivlər hesabına formalaşdırılır.
Yeni yaradılan dövlət agentliyi haqqında fikir bildirən ekoloq Telman Zeynalov qeyd etdi ki, Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasının məqsədi faydalı qazıntıların yerləşdiyi ərazilərin təhlükəsizlik və mühafizə qaydalarına riayət olunmasıdır: “Agentliyin milli sərvətlərimizin qorunması, faydalı qazıntıların çıxarılması və ya yerin təkinin geoloji öyrənilməsi və istifadəsi üzrə ciddi qayda yaradılmasında xüsusi rolu olacaq. Bəzən yollarda hər hansı qazıntı və ya iş aparmaq üçün dəqiqləşdirilmə aparılmır. Dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin və ya avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsinin nəzərə alınmaması arzuolunmaz hadisələrə səbəb olur. Bu səbəbdən də yeni yaradılan agentlik yerin təkindən istifadə növləri fəaliyyətini tənzimləyəcək.
Onu da deyim ki, yerin təkindən istifadə nəticəsində yerin təkinə, ətraf mühitə, təbii landşafta və ya özgənin əmlakına zərər dəyərsə, qanun pozuntusuna yol vermiş şəxs məsuliyyətə cəlb olunacaq”.
Günel CƏLİLOVA