Kamran Əsədov: “Bədən tərbiyəsi ixtisasına qəbul olunanların böyük əksəriyyəti…”
2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlanıb. Bu il IV ixtisas qrupu üzrə yenilik və dəyişikliklər olub. Belə ki, IV qrup üzrə yeni ixtisaslar yaranıb.
Bəzi ixtisaslarda isə plan yerləri azalıb. Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məlumat verib. O qeyd edib ki, IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb, əvəzində bədən tərbiyəsi ixtisası üzrə kəskin artım var.
Məsələ ilə bağlı açıqlama verən Kamran Əsədov bizimlə söhbətində qeyd etdi ki, keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb: "2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. 2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.
İdman ixtisası üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb.
Əlbəttə, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olunanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, təki universitet olsun prinsipi ilə bura gedənlərdir və bədən tərbiyəsi ixtisasını bitirənlərin, demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır.
Halbuki, regionlarda həkimlərə ciddi ehtiyac var. Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalıdır. Tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq”.
Günel CƏLİLOVA