“Vikipediya”nın Azərbaycanca dil bölməsinin idarəçisi Eldar Əzimov ölkəmizi Cənubi Afrikanın Keyptaun şəhərində 18-22 iyul tarixlərində keçiriləcək “Vikimaniya-2018” adlı beynəlxalq tədbirdə təmsil edəcək. Bu barədə bizimlə söhbətində E.Əzimov məlumat verib.
Qeyd edək ki, hər il müxtəlif ölkələrdə vikipediyaçıların illik toplantısı olur. “Builki toplantı sayca 14-cü beynəlxalq tədbir olacaq. Bu tədbir 2006-cı ildən müntəzəm şəkildə keçirilir. Əsasən yayda, iyul-avqust aylarında təşkil olunur. Daha öncə Meksikada, ABŞ-da, Honkonqda keçirilən tədbirlərdə ölkəmizdən ən çoxu iki nümayəndə iştirak edib. Lakin 2016-cı ildə İtaliyada keçirilən tədbirdə iştirak edən olmayıb. Ötən il isə avqust ayında Kanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərində baş tutmuş tədbirdə ölkəmiz bir nəfərlə təmsil olunub” - deyə E.Əzimov bildirdi.
E.Əzimovun sözlərinə görə, “Azərbaycandilli Vikipediya”da məqalə sayı artıq 136 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. Onun dediyinə görə, hazırda azvikinin təxminən 60-a yaxın fəal redaktoru var ki, bu da “Azərbaycandilli Vikipediya”nın inkişafından xəbər verir. O, eyni zamanda, qeyd etdi ki, “Vikipediya” dünyada 5-ci, Azərbaycanda isə 6-cı ən çox daxil olunan saytdır.
İradə SARIYEVA