Vaqif Əsədov: “Sürücülər öz nümunəvi hərəkətləri ilə bir daha sübut etdilər ki, onlar istənilən hadisə zamanı sabit şəkildə hərəkət edə bilərlər”
Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən problem səbəbindən 2-3 iyul tarixlərində ölkə enerji problemi ilə üzləşdi. Elektrik enerjisinin verilişində yaranmış problem yollarda da müəyyən çətinliklər yaratdı. Belə ki, işıqların sönməsi ilə yollarda böyük tıxaclar yarandı. Belə olan halda, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları vəziyyəti dərhal nəzarətə götürə biliblər. Əsas budur ki, qəza gecəsi yollarda hər hansı bir yol hərəkəti qaydasının pozulmasına rast gəlinməyib.
Çətin günlərdə, demək olar ki, tam işıqforsuz qalmış Bakı kimi nəhəng şəhərdə və ətraf yaxın qəsəbələrdə yol-nəqliyyat qəzalarının baş verməməsinin iki əsas amillə - ilk olaraq sürücü mədəniyyətinin yüksəlməsi və yol polislərinin peşəkarlığı ilə bağlı olduğu bildirilir.
Bu iki amili əsas götürərək Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovla həmsöhbət olduq. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yaranmış vəziyyət paytaxtı imtahan qarşısında qoydu. Sevindirici haldır ki, peşəkar sürücülər bu imtahandan yüksək səviyyədə çıxdılar: “İki gün ərzində Bakı şəhərində nə yol-qəza hadisəsi, nə xəsarət, nə də insan ölümü qeydə alınmayıb. Düzdür, enerjinin olmaması bir çox problemləri üzə çıxardı. İşıqforların işləməməsi, küçə işıqlarının yanmamasına görə bəzi ərazilər tam şəkildə qaranlığa qərq oldu. Belə olan halda, hər bir hərəkət iştirakçısı peşəkarlıq nümayiş etdirdi. Sürücülər öz nümunəvi hərəkətləri ilə bir daha sübut etdilər ki, onlar istənilən hadisə zamanı sabit şəkildə hərəkət edə bilərlər”.
V.Əsədovun sözlərinə görə, enerjinin olmadığı günlərdə Dövlət Yol Polisi İdarəsinin bütün qüvvələri səfərbər olundu: “Dövlət Yol Polisi İdarəsi paytaxtın inzibati ərazisini tam şəkildə nəzarətə götürə bildi. İşıqforla tənzimlənən yolayrıcılarında əməkdaşlarımız tərəfindən keçmə növbəliyi təmin edildi. Xüsusilə paytaxtın “20 Yanvar” kimi tanınan ərazisindən Sumqayıt-Abşeron istiqamətinə, eynilə “Koroğlu” metrostansiyasında, Mərdəkan, Buzovna, Zabrat və digər ərazilərdə şəhər sakinlərinin sıxlığı müşahidə olunurdu. Sakinlərin rahatlığı üçün həmin ərazilərə əlavə avtobuslar verildi. Həmin avtobusların sərbəst hərəkəti üçün yol polisi əməkdaşları hərəkəti nizamlayırdılar”.
V.Əsədovun sözlərinə görə, işıqforların işləmədiyi yerlərdə post-patrul avtomobillərindəki sayrışan işıqların işə salınması, eləcə də səsgücləndiricilərdən istifadə edilməsi müsbət nəticələr əldə etməyə səbəb oldu: “Bu çətin gündə vətəndaşlarımız yüksək insanı keyfiyyətlərini büruzə verdilər. Kimisə öz vəsaiti hesabına su alıb halı pisləşənlərə kömək etdi, digərləri isə yol polisinə hərəkətin tənzimlənməsində yardımçı oldular. Sürücülər könüllü şəkildə yol polislərinə köməklik göstərirdilər”.
Həmsöhbətimiz xüsusi olaraq bildirdi ki, yol polisi əməkdaşlarının işlərini səmərəli təşkil etməsi və nəzarəti gücləndirməsi müsbət nəticəni əldə etməyə imkan verdi: “Paytaxt sürücüləri enerji imtahanından məharətlə çıxdılar. Eynilə, yol polisi əməkdaşları əsl qəhrəmanlıq nümayiş etdirərək yol hərəkəti pozuntularının baş verməsinin qarşısını aldılar”.
Günel CƏLİLOVA