Bahadur Bilalov: “Bu, ölkəmizə gələn turistlərin sayına müsbət təsir göstərəcək”
Regional turizm informasiya mərkəzlərinin fəaliyyətində yaxın zamanda ciddi dəyişikliklər ediləcək. Onlar daha innovativ, kreativ, müasir üsullarla turistlərə xidmət edəcəklər. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müşavirədə deyib.
O qeyd edib ki, hər bir turist bütün bölgələrdə lazımi məlumatları əldə etmək imkanına malik olmalı, onların arzularını və şikayətlərini yönəldə biləcəyi ünvanlar konkret göstərilməlidir. Eyni zamanda, Dövlət Turizm Agentliyinin qarşıya qoyduğu əsas məsələlərdən biri regionların turizm potensialının təbliğində və turizm istiqaməti kimi formalaşdırılmasında turizm informasiya mərkəzlərinin rolunu artırmaqdır.
Regional turizm informasiya mərkəzləri turizmin inkişafına necə təsir edəcəklər? Bu sualla turizm sahəsi üzrə ekspert Bahadur Bilalova müraciət etdik. B.Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, turizm sahəsinin effektiv idarə olunması üçün Prezident İlham Əliyev tərəfindən Dövlət Turizm Agentliyi yaradılıb: “Turizm informasiya mərkəzləri Dövlət Turizm Agentliyinin tərkibinə verilib. Avropa təcrübəsinə əsasən deyə bilərəm ki, turizm informasiya mərkəzləri fəaliyyət göstərdikləri bölgə haqqında turistlərə dolğun, düzgün məlumat çatdırmalıdırlar. Turizm infrastrukturu, otellər və istirahət mərkəzləri haqqında geniş məlumat verməlidirlər”.
Həmsöhbətimizin sözlərinə görə, turizm informasiya mərkəzlərinin fəaliyyəti ondan ibarətdir ki, fəaliyyət göstərdikləri bölgə haqqında əcnəbi, o cümlədən yerli turistlərə ətraflı məlumat çatdırsınlar. Azərbaycanın füsunkar regionları haqqında informasiyanın toplanması və onun turistlərə çatdırılması işində informasiya mərkəzləri daha fəal olacaqlar. Bu, ölkəmizə gələn turistlərin sayına müsbət təsir göstərəcək.
Günel CƏLİLOVA