İyunun 30-da DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qurumunun təşkilatçılığı ilə şəhər Olimpiya İdman Kompleksində Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş cüdo üzrə DİN-in açıq birinciliyi keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov yarış iştirakçılarını salamlayıb. Azərbaycan Polisinin 100 illiyi münasibətilə gerçəkləşən bu yarışda onlara uğurlar arzulayıb.
Daha sonra DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova bildirib ki, respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Durmadan artan iqtisadi qüdrətimiz, idmana olan diqqət və qayğı nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb.
Yarışın açılış mərasimində gimnastların nümunəvi çıxışları və milli rəqslər əsl bayram ovqatı yaradıb.
Komandaların tribuna önündən keçidindən sonra yarışlara start verilib.
Birincilikdə 29 komandadan müxtəlif çəki dərəcələri üzrə 250 nəfər idmançı qələbə uğrunda mübarizə aparıb.
Bayram əhval-ruhiyəsi ilə keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Sumqayıt şəhər Uşaq Gənclər İdman məktəbi, DİN İdman Cəmiyyətinin Sumqayıt şəhər Regional Qurumu və Siyəzən rayonundan olan idmançılar qərarlaşıb.
Regional Qurumun baş inspektoru, polis polkovniki Firudin Tağıyev idmançıların yarış hazırlığını yüksək qiymətləndirib, onların gələcəkdə perspektivli cüdoçular kimi yetişəcəyinə inandığını bildirib.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı