İsmayıl Əhməd: “Təhsil müəssisələrində dini dərslər "Dinlər və mədəniyyət" və ya "Dünya dinləri" şəklində tədris olunarsa, modern təhsili qismən də olsa tətbiq etmək olar”
"Gənclərin başqa dini cərəyanlara cəlb olunmasının qarşısını almaq üçün ciddi addımlar atılır". Bu sözləri Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı "Dini təhsil: mövcud vəziyyət və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycandan dünyaya dini əməkdaşlıq sahəsində çox ciddi çağırışlar edilir və böyük hörmətlə qəbul edilir: “Təhsil sahəsində Azərbaycanda geniş təcrübə var. Hər zaman olduğu kimi, milli-dini həmrəyliyi pozmağa çalışan gəncləri başqa dini cərəyanlara cəlb edən qüvvələr var. Çünki gənclərin başqa dini-siyasi ideologiyanın təsirinə düşmək təhlükəsi var. Bunun qarşısını almaq üçün ciddi addımlar atılır. İlahiyyat İnstitutunun yaradılması da əbəs yerə deyildi. Güman edirik ki, yeni tipli təhsil müəssisəsi olacaq. İndiki dövrdə ciddi təhsilsiz uğura nail olmaq mümkün deyil. Dini təhsilin modern vəziyyətə çatması üçün addımlar atılmalıdır".
Maraqlıdır, dini təhsilin modern vəziyyətə çatması üçün nə kimi addımlar atılmalıdır?
İlahiyyatçı İsmayıl Əhməd “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni tipli təhsil müəssisələrinin yaradılması yaxşı haldır. Həmin təhsil müəssisələrində müasir tədris metodu tətbiq oluna bilər. Ancaq dini təhsilin modern vəziyyətə salınması çətindir. Çünki dini müasirləşdirmək olmaz. Ümumiyyətlə, dini təhsilə nəzarət ilk olaraq orta məktəblərdə tətbiq olunmalıdır: “Yetkinlik yaşına çatan şəxsin yad təsirlərə məruz qaldığını anlamaq artıq gecdir. Bunun üçün ibtidai təhsilə nəzarət etmək lazımdır. O zaman uşaqlara din və elm haqqında məlumatlar verilə bilər. Orta məktəbi bitirən şəxs valideyndən xəbərsiz hansısa məscidlərə gedir və yad təsirlərə məruz qalır. Uşaq vaxtından onların din haqqında tam anlayışları olarsa, onlar bu kim təsirlərə düşməzlər. Sağlam düşüncəli insanlar ibtidai təhsildə uşaqlara din haqqında müəyyən məlumatlar verməlidirlər.
Fikrimcə, təhsil müəssisələrində dini dərslər "Dinlər və mədəniyyət", "Dünya dinləri" şəklində tədris olunsa, yaxşı olar. Belə olarsa, məktəbli və ya tələbə dinlərin tarixi və onlar arasında fərqin nə olduğunu bilər. Bu metod sayəsində modern təhsili qismən də olsa tətbiq etmək olar”.
Günel CƏLİLOVA