Könül Vaqifqızı: “Bizim yüzlərlə milli adımız, gözəl mənalı sözlərimiz var, bu qədər ad içindən bir ad bəyənməyib, ərəb sözlərinə meyl salmaq soykökümüzə hörmətsizlikdir”
Bəzi ailələr yeni doğulan uşağa dini adlar qoyurlar. Doğulan uşaqlara qoyulan adlar arasında Yusif, Əli Hüseyn, Zəhra və Fatimə adları bir zamanlar liderlik edirdi. Ancaq son zamanlar aparılan araşdırmalara əsasən, Azərbaycanda uşaqlara dini adların qoyulması halları azalıb.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova media nümayəndələrinə açıqlamasında deyib ki, əvvəllər qız uşaqlarına Fatimeyi-Zəhra adının qoyulması üçün müraciətlər çox edilirdi. Lakin indi belə müraciətlər edilmir: "Dini adlara meyl əvvəlki illərə nisbətən azalıb. Digər tərəfdən, əvvəllər dini adlar qoyularkən mürəkkəb adlar təklif edilirdi. Məsələn, Həsən və Hüseyn adını bir yerdə yazmaq istəyənlər var idi. İndi görürsən ki, belə müraciətlərin sayı azalıb. Hazırda dini adlar daha çox qızlara qoyulur. Qızlara qoyulan dini adlar arasında Quranda olan Betül, daha sonra isə Zəhra, Fatimə adları üstünlük təşkil edir. Ümumiyyətlə, bəzi adlara olan maraq tamamilə dəyişib. Oğlan uşaqlarına daha çox Həsən, Hüseyn adı verilsə də, artıq Tural, Tunqay, Turqay, Turan, Toğrul, Cavidan, Teymur, Temurçin də daha çox qoyulan adlar sırasına əlavə edilib”.
Yeni dünyaya gələn uşaqlara dini adların qoyulmasının azalması barədə fikir bildirən psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, ad və soyadların qoyulması valideynlərin hüququdur və bunu məhdudlaşdıran qanunvericilik yoxdur: "Adlarla bağlı qaydalar tövsiyə xarakteri daşıyır və valideyn istədiyi adı övladına qoya bilər. Bir çox ailə ehtiram əlaməti olaraq uşaqlara babasının, nənəsinin adını verir. Dini adlar sayılan Hüseyn, Həsən, Zəhra, Yusif adları isə ölkəmizdə həmişə dəbdə olub. Hətta bir sinifdə Zəhra və ya Yusif adından olan bir neçə şagird təhsil alır. Bu, bir növ, “Çalıquşu” filmində sinifdə olan bütün qız uşaqlarının eyni adı daşıması anlamına gəlir. Uşaqlara qoyulan dini adların azalmasının tərəfdarıyam. Dini adların əleyhinə deyiləm. Sadəcə, valideynlər uşaqlarına daha çox müasir adlar qoymağa üstünlük versələr, daha yaxşı olar”.
Həmsöhbətimizin sözlərinə görə, ölkədə türk mənşəli adlar da eyni qaydada dəbdədir. Sadəcə olaraq dini adlar daha geniş gözə çarpır, diqqət çəkir: “Bizim yüzlərlə milli adımız, gözəl mənalı sözlərimiz var. Bu qədər ad içindən bir ad bəyənməyib, ərəb sözlərinə meyl salmaq soykökümüzə hörmətsizlikdir”.
Günel CƏLİLOVA