"İyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib". Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, müəyyən edilib ki, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.
"Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir.
Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır", - deyə E. Zahidov bildirib.
İmişlidə çaydan pasportu tapılan vətəndaşlardan biri hadisəyə münasibət bildirib.
Balakən rayon sakini İlahə Orucova (Ustayeva) APA-ya bildirib ki, ona məxsus ümumvətəndaş pasportunun İmişlidə tapılmasından narahatlıq keçirib: “Mənə məxsus həmin pasportun vaxtı bitib və etibarsızdır. 2015-ci ildə ASAN Xidmət mərkəzi Balakəndə səyyar xidmət göstərirdi. Həmin tarixdə mən bu fürsətdən itifadə edib ümumvətəndaş pasportumu dəyişmişəm. Necə ola bilər ki, təhvil verdiyim pasport İmişlidə tapılsın? Ümid edirik ki, aidiyyəti qurumlar bunu araşdıracaq”.