Nadir İsrafilov: “Stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var”
Magistraturaya qəbul olunan oğlanların sayı 74 faiz artıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında təhsil naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, magistratura səviyyəsində təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində ali məktəblərin magistraturasına qəbul olunanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olunan oğlanların sayı isə 74 faiz artıb: “Son 4 ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 68 faiz artıb”.
Magistraturaya qəbul olunanlar arasında oğlanların üstünlük təşkil etməsinə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bakalavr və magistraturaya qəbul olunanlar arasında oğlan və ya qızların üstünlük təşkil etməsi ildən-ilə dəyişir. Təhsildə dinamika ildən-ilə dəyişir: “Bu dəyişiklik ixtisaslar üzrə də özünü göstərir. Adətən humanitar sahədə qızlar üstünlük təşkil edir, texniki-riyaziyyat sahəsində isə oğlanlar. Magistraturaya qəbulda oğlanların sayının artmasının səbəbi isə magistrlərin hərbi xidmətdən azad olunması ilə bağlıdır. Bu məsələ Milli Məclisdə də müzakirə olundu. Və nəticədə magistrlərin hərbi xidmətdən azad olunması ilə bağlı qərar verildi. Bu qərar statistikaya təsir göstərdi. Məlum qərar stimullaşdırıcı bir tədbir idi. Magistraturaya qəbul olunan qız və oğlanların sayının artması üçün stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var. Bəzi ölkələrdə magistrlərə ayda 3000 dollar təqaüd verilir. Analoji tədbirlər bizdə də tətbiq olunarsa, bu sahəyə maraq daha da artar. Magistrlərin sayı artarsa, Azərbaycan elmi inkişaf edər”.
Günel CƏLİLOVA