Qadir Bayramlı: “Tələbələrin təcrübə üçün xarici ölkələrə göndərilməsi həm mütəxəssislərin keyfiyyətini artırar, həm də bu sahəyə olan maraq daha da artar”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin göstərişi əsasında qəbul imtahanlarında 500 və daha çox bal toplayan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.
Qeyd edək ki, aqrar yönümlü ixtisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.
Prezidentin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikinti mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.
Aqrar sahədə təhsil alacaq tələbələrə 200 manat təqaüdün verilməsi kənd təsərrüfatı sahəsinin inkişafına və bu sahəyə meyl edənlərin sayının artmasına təsir edəcək.
Azərbaycan Dövlət İqtisad Universitetinin dossenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aqrar sahədə təhsil alacaq tələbələrə təqaüdün verilməsi bu sahənin inkişafı üçün bir stimuldur. Bu, bir növ, həvəsləndirmə vasitəsidir. Beləliklə, bu sahəyə olan maraq daha da artacaq.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı təhsilinə maraq azdır: “Sovet dönəmində keçmiş Kənd Təsərrüfatı İnstitutundan və texnikumlardan məzun olanlar dövlət tərəfindən qısa müddətdə işlə təmin olunurdular. Ancaq Azərbaycanda iri kənd təsərrüfatı müəssisələri azdır. İş yerləri aqrar sahənin mütəxəssisləri üçün məhduddur. Hesab edirəm ki, bu sektorda yeni işlərin açılması kənd təsərrüfatına marağı artıracaq. Həmçinin, təqaüddən əlavə, bu sahəyə digər təşviqlər tətbiq olunarsa, qeyd olunan sektora maraq daha da artar”.
Q.Bayramlı hesab edir ki, təqaüd alan tələbələrin təcrübə üçün xarici ölkələrə göndərilməsi həm mütəxəssislərin keyfiyyətini artırar, həm də bu sahəyə olan maraq daha da artar: “Bütövlüklə, hesab edirəm ki, aqrar sahədə yüksək bal toplayan tələbələr təqaüd almaqla yanaşı, əlavə təşviqlərlə dəstəklənərsə, bu sahədə inkişaf baş verməsi qaçılmazdır”
Günel CƏLİLOVA