Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzil tikintisi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin ictimaiyyətl əlaqələr şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2399 ünvanında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının inşası davam edir. İnşaat işləri tamamlandıqdan sonra binadakı mənzillər növbəlilik prinsipi əsasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunacaq. Binadakı mənzillərin istifadəyə verilməsi rayon (şəhər) icra hakimiyyətləri tərəfindən nazirliyə təqdim olunmuş və nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş növbəlilik siyahıları əsasında həyata keçiriləcək.
Nazirliyin açıqlamasında o da bildirilir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə adıçəkilən ünvandan başqa heç bir ərazidə yaşayış binası tikilmir:”Xətai rayonu, N.Tusi küçəsi 63 ünvanında yaşayış binalarının inşası və mənzillərin əlil olmayan şəxslərə verilməsi barədə son vaxtlar bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların heç bir əsası yoxdur. Nazirliyin fəaliyyəti ilə bağlı məlumat yaymazdan öncə dəqiqləşdirmə aparmaq tələb olunur”- deyə Nazirlik açıqlamasında qeyd edir.
Baki-xeber.com