Eyyub Hüseynov: “… fərdi şəkildə satışına qarşı mübarizə aparılmalıdır”
Yayın gəlişi ilə gün eynəklərinə tələbat da artıb. Artıq hər addımbaşı gün eynəklərinin açıq şəkildə və ya mağazalarda satışına rast gəlmək mümkündür. Şəhərin istənilən ərazisində sərbəst şəkildə fərqli dizayna, qiymətə və keyfiyyətə malik gün eynəkləri təklif olunur.
Təbii ki, çoxumuz gün eynəyi alarkən seçim etməkdə çətinlik çəkirik. Satıcılar isə yüksək qiyməti yüksək keyfiyyət göstəricisi kimi təqdim edirlər.
Küçələrdə heç bir nəzarət olmadan satılan keyfiyyətsiz gün eynəklərinin satışı məhdudlaşdırıla bilər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, yaxın günlərdə bununla bağlı qanun layihəsi komitədə müzakirə olunacaq. M.Quliyev bildirib ki, qanun layihəsinə əsasən, həm gün eynəkləri, həm də optik eynəklər mütəxəssislərin iştirakı ilə xüsusi mağazalarda satılacaq: "Layihəyə əsasən, eynək satılan mağazalarda həkim-mütəxəssislər olacaq və onlar eynəyi müəyyən edəcəklər. Həmçinin, eynəyin alınması, ölkəyə gətirilməsi, saxlanması, standartlara uyğun olub-olmamasının müəyyən edilməsi ilə mütəxəssislər məşğul olacaq".
Qeyd edək ki, qanun layihəsi qəbul olunarsa, küçələrdə eynək satışına icazə verilməyəcək.
Küçələrdə heç bir nəzarət olmadan keyfiyyətsiz gün eynəklərinin satışının məhdudlaşdırılması barədə fikir bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, istehlakçıların hüquqları iə bağlı ölkədə kifayət qədər problem var: “Eynək və ya hansısa əşya üçün qanun qəbul etməyə ehtiyac yoxdur. Sadəcə, Nazirlər Kabinetinin 94 saylı Qərarının icrası həyata keçirilməlidir. Bütün sahələrdə, o cümlədən gün eynəklərinin satışında da istehlakçı hüquqlarına riayət olunmasında problem yaşanır. Təəssüf ki, aidiyyəti qurumlar qaçaqmalçılıq yolu ilə əldə edilən əşyaların və ya geyimlərin satışına şərait yaradırlar”.
Həmsöhbətimiz onu da bildirdi ki, keyfiyyətsiz gün eynəkləri insanların görmə qabiliyyətinə təsir göstərir: “Küçələrdə gün eynəklərinin, həmçinin, digər geyim və aksesuarların fərdi şəkildə satışına qarşı mübarizə aparılmalıdır”.
Günel CƏLİLOVA