Davud Rəhimli: “Əlilliyin təyin olunması sahəsində neqativ halların aradan götürülməsi istiqamətində aparılan işləri dəstəkləmək lazımdır” Mayis Əliyev: “Şəffaflığın təmin olunması üçün bunun “ASAN xidmət”ə verilməsinin tərəfdarıyam”
Əlilliyin təyin olunmasının “ASAN xidmət”ə verilməsi təklif olunur. Belə bir təkliflə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxış edib. Vitse-spiker bildirib ki, illərdir cəmiyyətdə əlilliyin təyin olunması ilə bağlı söz-söhbətlər gəzir: “Hesab edirəm ki, bu proses “ASAN xidmət”ə verilsin. Təbii ki, onların texniki imkanları buna yol verirsə. Bununla da bu məsələ ətrafında olan mübahisələr aradan qalxmış olar. Nazirliyin də canı bu məsələdən qurtarsın. Hesab edirəm ki, bu həm dövlətimiz, həm də vətəndaşlarımız üçün faydalı olar”.
Əlilliyin təyin olunmasının “ASAN xidmət”ə verilməsi təklifini ekspertlər də dəstəkləyirlər.
Onların fikrincə, bu proses “ASAN xidmət”ə həvalə olunarsa, saxta yolla əlillik dərəcəsi alanların sayı azalar.
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əlilliyin təyin olunması artıq elektron varianta keçib: “Bu proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Əlilliyin təyin olunmasının “ASAN xidmət”ə verilməsi təşəbbüsü müsbətdir. Əlilliyin təyin olunmasında Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin ekspertləri iştirak edəcək. Kənar şəxslərin iştirakı mümkün olmayacaq”. Həmsöhbətimiz hesab edir ki, əlilliyin təyin olunması sahəsində neqativ halların aradan götürülməsi istiqamətində aparılan işləri dəstəkləmək lazımdır
“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin rəhbəri Mayis Əliyev bizimlə söhbətində bildirdi ki, əlilliyin təyin olunması tibbi-sosial məsələdir: “Hazırda həmin şəxs səhiyyə müəssisəsinə müraciət edir və ona reabilitasiya tədbirləri keçirilir. Bütün müalicənin effektsiz olduğu aşkar olunandan sonra ona əlillik təyin olunur. Əvvəllər isə gözlə müayinə ilə əlillik təyin olunurdu. 2016-cı ildə əlilliyin təyin olunması ilə bağlı Nazirlər Kabinetinin qərarında dəyişiklik oldu. Aparılan müayinələrin nəticəsi elektron sistemə daxil olunur, həkimlər buna əsasən əlilliyi təyin edirlər. Hesab edirəm ki, obyektivliyi, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmık üçün əlilliyin təyininin “ASAN xidmət”ə verilməsi təqdirəlayiq olardı. Etiraf edək ki, “ASAN xidmət”ə həvalə olunan bütün sahələr artıq öz müsbət nəticəsini göstərir. Bu səbəbdən də əlilliyin təyin olunmasında şəffaflığın təmin edilməsi üçün bunun “ASAN xidmət”ə verilməsinin tərəfdarıyam”.
Günel CƏLİLOVA