Adil Qeybulla: “Regionların tibb mərkəzləri yüksək ixtisaslı mütəxəssislərlə də təmin olunmalıdır, əks halda, vətəndaşların adi bir xəstəliyə görə paytaxta axınının qarşısını almaq çətinləşər”
Regionlarda həkim çatışmazlığı yaşandığı iddia olunur. Bunu Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Əhmədova "Ailə həkimi institutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, rezidentlərin təyinatı ilə bu məsələnin həllinə çalışılır: “Ailə təbabəti ixtisasının təşkil olunması üzrə iş gedir. Nazirlər Kabineti tərəfindən kənd yerlərində işləyən gənc kadrlar, o cümlədən səhiyyə kadrlarına stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu tədbirləri daha da təkmilləşdirmək və həvəsləndirmə ilə bağlı təkliflərimiz olacaq".
Regionlarda həkim çatışmazlığı probleminin yaşandığını ekspertlər də təsdiq edirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, bütün sahələrdə ixtisaslaşmış kadr problemi əhali sayına görə meydana çıxan qıtlıqdan irəli gəlir: “Yəni söhbət hansısa regionda konkret sahə üzrə adambaşına düşən mütəxəssislərin sayından gedir. Məsələn, cərrahlar haqqında deyə bilərik ki, onlar paytaxtda daha çox fəaliyyət göstərirlər. Bəzi regionlarda isə bu sahədə çatışmazlıqlar var. Başqa sahələrin mütəxəssis təminatında da eyni problemi görmək olar. Amma səhiyyə sistemi elə qurulmalıdır ki, istənilən rayonda, regionda müasir diaqnostika, cərrahiyyə işlərini aparmaq mümkün olsun. Bunun üçün də texniki təminatla yanaşı, regionların tibb mərkəzləri yüksək ixtisaslı mütəxəssislərlə də təmin olunmalıdır. Əks halda, vətəndaşların adi bir xəstəliyə görə paytaxta axınının qarşısını almaq çətinləşər. Yəni səhiyyə sisteminin inkişafı bu cür olmalıdır. Bütün mütəxəssislərin toplanıb bir tibbi mərkəzdə fəaliyyət göstərməsi sistemli inkişaf demək deyil. Odur ki, regionlarda da səhiyyənin inkişafına ciddi fikir verilməlidir. O baxımdan regionların yüksək ixtisaslı kadrlarla təminatı məsələsi daim diqqətdə saxlanmalıdır. Bunun üçün isə ilk növbədə müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. O zaman gənc mütəxəssis regionda işləməyə daha həvəsli olacaq. Əks halda, həkimlərin regionlara üz tutması çətin olacaq”.
Həmsöhbətimiz onu da bildirdi ki, regionlarda tibbi kadr çatışmazlığının birinci səbəbi əməkhaqlarının yüksək olmamasıdır: “Nəzərə alaq ki, bir çox xarici ölkələrdə tibb işçilərinin əməkhaqqı yüksəkdir. İxtisaslı kadrların regionlara üz tutması üçün maddi və mənəvi stimullaşdırıcı addımlar atmaq, onların əməkhaqqını bir qədər artırmaq olar”.
Günel CƏLİLOVA