1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş layihə “Park Bulvar” TM-nin tərəfdaşlığı ilə keçirilir.
1949-cu ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alır. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, “Azercell Telekom”un təşəbbüsü və “Park Bulvar” TM-nin tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər ilk olaraq 26 may tarixində “Park Bulvar”da nümayiş olunub. Böyük marağa səbəb olan səhnəciklər cəmiyyətdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa son qoyulması, onlara diqqət və qayğı göstərilməsinin önəmli olması mesajını ötürür. İzləyicilərə uşaq zorakılığına qarşı mübarizənin simvolu olan mavi lent və “Azercell”in təşəbbüsü ilə yaradılan “Uşaq Qaynar Xətti” mobil tətbiqinin istifadə qaydaları haqqında broşurlar paylanıb. Şəhər əhalisi bu səhnəcikləri 1 iyun tarixi, saat 19:00-20:00 arası və 2-3 iyun tarixləri, saat 20:00–21:00 arası “Park Bulvar” TM-də, 2-3 iyun tarixləri, saat 18:00-19:00 arası isə Fəvvarələr Meydanında izləyə biləcək.
“Azercell Telekom” MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə öz korporativ sosial məsuliyyət siyasətində xüsusi önəm verir. Şirkət 2010-cu ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi “Uşaq Qaynar Xətti” xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən “Mobil Diş” və “Mobil Göz” klinikalarının yaradıcısıdır. Eyni zamanda artıq dördüncü ildir “Azercell” Uşaq Paralimpiya Komitəsinə dəstək verməkdə davam edir. “Azercell”in uşaq hüquqlarının qorunması ilə bağlı yeni sosial istiqaməti isə onların internet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün imkanları genişləndirməsilə bağlıdır və bu sahədə “Azercell” həm texnoloji addımlar atıb, həm də müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlayıb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.