Adil Qeybulla: “Tibb Universitetində təhsil alanların bir qismi hazırda Almaniyada, Türkiyədə təcrübə keçir, bəziləri təcrübə keçdikdən sonra ölkəyə qayıtmırlar”
Azərbaycanda həkimlərin sayının azaldığı bildirilir. Bunu İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Səhiyyə departamentinin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova "Ailə həkimi institutunun inkişafının yeni mərhələsində icbari tibbi sığortanın rolu" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, 2005-ci ilə qədər Azərbaycanda tibbi kadrların sayı yetərincə olub: "Lakin bu tendensiya azalmağa doğru gedir. Həmçinin, orta tibb işçilərinin də sayında azalma müşahidə edilir. Orta tibb işçiləri hazırlayan müəssisələrin çox olmağına və orada oxuyanların olmasına baxmayaraq, azalma tendensiyası davam edir. Bununla bağlı müəyyən dəyişikliklər və stimullaşdırıcı tədbirlər görülməsə, Azərbaycan tibbi kadrlar çatışmazlığı ilə üzləşə bilər".
Azərbaycanda tibbi kadrların çatışmazlığını ekspertlər də təsdiqləyirlər
Professor, həkim-ekspert Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, həkim sayının azalmasının müxtəlif səbəbləri var. Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri Tibb Universitetinə qəbul sayının xeyli azaldılmasıdır. Digər bir səbəb isə xarici ölkələrə həkim axınının olmasıdır: "Tibb Universitetində təhsil alanların böyük əksəriyyəti hazırda Almaniyada, Türkiyədə təcrübə keçir, bəziləri təcrübə keçdikdən sonra ölkəyə qayıtmırlar. Bütün bunlar ümumi statistikaya öz təsirini göstərir”.
A.Qeybulla onu da bildirdi ki, Azərbaycanda adambaşına düşən həkimlərin sayı azdır. Eyni zamanda, mütəxəssislərin ərazilər üzrə düzgün paylanmaması halları var: "Ailə həkimlərini də saysaq, 50-70 adama bir həkimin düşməsini normal hesab edirəm. Regionlarda peşəkar həkimlərin sayı xeyli azdır. Peşəkar həkimlər mərkəzi yerlərdə daha çoxdur. Əslində, səhiyyə elə olmalıdır ki, hər bir rayonda yüksək səviyyədə peşəkar həkimlər olsun. Türkiyənin Ankara, İzmir, İstanbul şəhərlərində səhiyyənin səviyyəsi eynidir. Azərbaycana xarici ölkələrdən həkimlər müvəqqəti olaraq gəlirlər. Daimi olaraq burada qalıb işləməyə meylli olmurlar”.
Günel CƏLİLOVA