İlqar Orucov: “Tətbiq olunacaq yeni sistem pedaqoqların öz üzərində işləməsinə səbəb olmalıdır”
Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir. Bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, "Azərbaycan Respublikasında dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər" attestasiya olunmayacaqlar.
Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası təklif olunur.
Məlumat üçün bildirək ki, sözügedən layihə Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Müəllimlərin attestasiyasının ləğv olunmasına münasibət bildirən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər təhsillə bağlı keçirilən bütün islahatlar Azərbaycan təhsilinin mükəmməl olmasına köklənib: “Bu məqsədlə də müəllimlərin attestasiya olunması müsbət qərar idi. Bu qərar onu göstərdi ki, Azərbaycan müəllimləri bundan uğurla keçə bilmədilər. Hətta Azərbaycan müəllimlərinin böyük bir qisminin bu gün lazımi tələblərə cavab vermədiyi də aşkar olundu”.
Həmsöhbətimizin sözlərinə görə, müəllimlərin attestasiyası onların fərqləndirilməsi baxımından əhəmiyyətli idi. Həmçinin, məqsədli şəkildə əməkhaqqının artırılmasında da xüsusi rol oynayırdı: “Müəllimlərin attestasiyası onları məcbur edirdi ki, pedaqoq daim öz üzərində işləsin. Müəllim imtahan verəcəyini düşünərək daim öz üzərində çalışırdı. Yeni sistemdə müəllimləri nə gözləyəcəyini zaman göstərəcək”.
Ekspert hesab edir ki, müəllimlərin məsuliyyətinin artırılması məsələsində əvvəlki sistem daha effektli idi. Müəllimlərin attestasiyasını əvəz edəcək digər sistem tətbiq olunmalıdır: “Tətbiq olunacaq yeni sistem pedaqoqların öz üzərində işləməsinə səbəb olmalıdır”.
Günel CƏLİLOVA