Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənə ilə qeyd olunub.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, tədbirdən öncə ahıl rayon sakinləri - müharibə və əmək veteranları rayonun yaşılllıq zolaqlarında 100 ədəd qızılgül kolu əkib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs edib. Bildirib ki, Cümhuriyyətin mövcud olduğu dövr ərzində dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Milli Ordusunun yaradılması, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsi Azərbaycan tarixində yeni şərəfli səhifə açmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdıran Gülarə Verdiyeva əsası Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu qeyd edib.Bildirib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib.
Sonra Cümhuriyyətin yaşıdları olan ahıl sakinlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətiilə hazırlanmış tortu kəsib və çay süfrəsi arxasında xatirələrini bölüşüblər.
Tədbirdə Fəzail Miskinli, Telli Borçalı, Rövşən Əziz, Zahid Qubadlı, Səlim Abbasovun ifaları və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri rayon sakinlərinin alqışları ilə qarşılanıb.