İsmayıl Əhməd: “Qafqaz Müsəlmanları İdarəsinin təsdiq etdiyi cədvələ əsasən, bütün məscidlər eyni vaxtda azanı səsləndirməlidirlər”
“Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var, bütün məscidlər bu fətvaya əməl etməlidir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, bu fətva ilə bərabər, QMİ-də bununla bağlı rəsmi olaraq təsdiq olunmuş təqvim var: “Bu təqvim Şamaxı Rəsədxanasında öz təsdiqini tapıb, təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək.
Ramazan ayında azanların müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı məscidlərə xəbərdarlıq ediləcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var”.
Komitə sədri onu da qeyd edib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: "Hərə öz bildiyini edərsə, xaos yaranar".
Məscidlərdə azanın müxtəlif vaxtlarda səsləndirilməsinin səbəbini öyrənmək məqsədilə ilahiyyatçı İsmayıl Əhmədə müraciət etdik. İ.Əhməd “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məscidlərdə azan eyni vaxtlarda verilməlidir: “Qafqaz Müsəlmanları İdarəsinin təsdiq etdiyi cədvələ əsasən, bütün məscidlər eyni vaxtda azanı səsləndirməlidir. Bəzi məscidlərin azanı fərqli vaxtda verməsi düzgün deyil. Əldə etdiyim məlumata görə, bir qisim məscidlər məzhəb məsələsini əsas gətirərək azanı müxtəlif vaxtlarda verirlər. Onların fikrincə, sünni məscidinin azanı ilə şiə məscidinin azanı üst-üstə düşməməlidir. Ancaq bu düzgün deyil. Nəzərə almaq lazımdır ki, namazın vaxtı eynidir. Belə olanda bütün məscidlər də azanı QMİ-nin təsdiq etdiyi cədvələ uyğun səsləndirməlidir”.
Həmsöhbətimiz hesab edir ki, azanı fərqli vaxtlarda səsləndirib ibadət edənləri çaşqınlığa salmaq düzgün deyil: “QMİ-nin fətvasına əməl etməyən məscidlərin imamı, axundu qanun çərçivəsində cərimələnməlidir”.
Günel CƏLİLOVA