Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo Növləri Federasiyasında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan federasiyanın prezidenti Tarverdi Allahverdiyev ölkəmizdə gənclərin idmana olan marağının günü-gündən artmasından danışıb. O bildirib ki, bunun kökündə Prezident İlham Əliyevin idmana verdiyi yüksək diqqət və qayğı durur. Tədbirin fəxri qonağı olan Rusiya Dövlət Dumasının məsul nümayəndəsi Ramin Qasımov da öz çıxışında bildirib ki, Azərbaycan dünya idman ictimaiyyətində ciddi tərəfdaş, idmançılar isə güclü rəqibdir.
Tədbirdə eyni zamanda 4-6 may tarixlərində Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatından da söz açılıb. Bildirilib ki, keçirilən dünya çempionatında ölkəmizi 18 idmançı təmsil edib. İdmançılar arasında gənclər, yeniyetmələr və yaşlılar da olub. Onlardan Şəms Hacıyeva, Yusif Əhmədov, Elçin Mahmudov, Vahid Məhərrəmov, Məhəmməd Allahverdiyev, Pərviz Hüseynov, Zöhrab Səfərov, Elnur Şəfiyev, Müşfiq Həzili, İbad Rzazadə və Fateh Tahirov qızıl, digər idmançılarımız Əbülfəz Hüseynzadə, Orxan Fərəcov və Tural Rzayev gümüş, Həsən Davudzadə, Tural Quliyev və Alay Məmmədcan bürünc medalla ölkəmizə dönüb.
Tədbirin sonunda qalib idmançılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb və xatirə şəkilləri çəkilib.
Səbiqə DAVUDOVA