Adil Qeybulla: “... həm praktik olaraq bu sahəni öyrənəcəklər, həm də gəlir əldə edəcəklər”
Xəbər verildiyi kimi, Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri diplomaqədər müddətdə işləyə bilərlər. Azərbaycan Tibb Universitetinin yuxarı kurs tələbələri bundan sonra elə universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsilli işçi vəzifələrində işləyə biləcəklər.
Bu haqda Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib. Məktubda qeyd olunub ki, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Odur ki, Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib. Bununla bağlı müalicə-profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər.
Ali təhsili başa vurmamış ATU-nun tələbələrinin orta tibb təhsilli işçi kimi işləyəcəkləri ekspertlər tərəfindən müsbət qarşılanır.
Professor, tibbi ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Sovet dönəmində də tibb təhsili alan tələbələr 3-cu kursdan sonra əmək fəaliyyəti ilə məşğul olublar: “Ali tibb təhsilini başa vurmayan tələbələrin orta tibb təhsili üzrə çalışması yaxşı haldır. Onlar tibb bacısı və ya əczaxanalarda işləməklə həm praktik olaraq bu sahəni öyrənəcəklər, həm də gəlir əldə edəcəklər. Əksər ölkələrdə bu qayda tətbiq olunur. Əsasən tələbələr əczaxanalarda çalışırlar”.
Həmsöhbətimiz hesab edir ki, təhsil müddətində çalışan şəxslər ali təhsilini tam başa vurduqdan sonra sərbəst şəkildə ixtisası üzrə çalışacaqlar: “Həmin şəxslər tələbəlik müddətində çalışdıqları üçün təcrübəli olacaqlar. Bunun müsbət tərəflərindən biri də odur ki, həmin şəxslər ali təhsilini başa vurduqda artıq çalışmaq üçün yer axtarmayacaqlar. Tələbəlik müddətində çalışdıqları xəstəxanada çalışacaqlar”.
Günel CƏLİLOVA