Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: “Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.
Bakıda və Azərbaycanın bir sıra böyük şəhərlərindəki orta məktəblərdə sıxlıq var. Bunu da təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Bakıda orta məktəblərdə sıxlıq 10 faiz təşkil edir. Sıxlıq ondan ibarətdir ki, orada 1-ci sinfə getmək üçün müraciət edənlərin sayı çox olur: "Təbii ki, hamısı qəbul oluna bilməz. Burada ədalət prinsipi ondan ibarətdir ki, ilk növbədə, həmin məktəbin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunur və təbii ki, yer qalarsa, digər şagirdlər də qəbul oluna bilər”.