Davud Rəhimli: “Süni şəkildə say artımının qarşısının alınması vacibdir. Bu həm dövlətə, həm də əlilliyi olan insanlara qarşı haqsızlıqdır”
Azərbaycanda son 5 ildə əlillərin sayının artdığı iddia olunur. Belə bir fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən iclasında deputat Rauf Əliyev bildirib. O qeyd edib ki, beş ildə əlillərin sayı 100 min nəfər artıb: “Eyni müddətdə təkcə Bakıda əlillərin sayı 20 000 nəfər artıb. Mən deyə bilmirəm bunların hamısının əlil olması düzgündür, ya yox. Amma fakt odur ki, bu, təcili həllini gözləyən problemdir”.
Son beş il ərzində Azərbaycanda əlillərin sayının 100 min nəfər artmasının həqiqət olub-olmamasını dəqiqləşdirmək məqsədilə mütəxəssislərə müraciət etdik.
Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əlilliyi olan insanların sayında artım 2014-2016-cı illərdə qeydə alınıb: “Elə illər var ki, həmin il az da olsa əlilliyi olan insanların sayı artıb. Ancaq son beş ildə əlilliyi olan şəxslərin sayının 100 min nəfərdən artıq olması dəqiq bəlli deyil. Əlilliyi olan insanların sayı hər zaman artacaq, bu labüddür. Çünki əlilliyin müəyyən yaranma səbəbləri var, müxtəlif xəstəliklər zamanı, iş qəzası və ya anadangəlmə olur. Bunlar dərəcəsinə görə fərqlənir”.
Həmsöhbətimiz onu da bildirdi ki, əlillərin sayının artması səbəblərindən biri də bunun qeyri-leqal yolla əldə olunmasıdır: “Bəllidir ki, bəzi şəxslər qanunsuz yolla özünə saxta əlillik dərəcəsi alırlar. Belə olan halda, həmin şəxslər dövlətdən müəyyən məbləğdə təzminat alırlar. Süni şəkildə say artımının qarşısının alınması vacibdir. Bu həm dövlətə, həm də əlilliyi olan insanlara qarşı haqsızlıqdır. Bunun qarşısını tam şəkildə almaq lazımdır. Aidiyyəti qurumlar bu işdə məsuliyyətli olmalıdırlar”.
D.Rəhimli hesab edir ki, son beş ildə əlillərin sayının 100 mindən artıq olması şühbə doğurur: “Şübhə yox ki, qeyd olunan statistikada saxta yolla əlillik dərəcəsi alanlar da var. Bu faktlar statistikanın artmasına səbəb olur”.
Günel CƏLİLOVA