Vüqar Tofiqli: “... bu sahədə yaşanan pərakəndəliyin aradan qalxmasına təkan verəcək”
Xəbər verildiyi kimi, artıq qəbiristanlıqlar bələdiyyələrin mülkiyyətinə verilib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Torpaq Məcəlləsinin 47-ci maddəsinə “idman meydançalarının” sözlərindən sonra “və qəbiristanlıqların” sözləri əlavə edilib. Əlavə ilə bundan sonra qəbiristanlıqların altındakı torpaqlar bələdiyyələrin mülkiyyətinə verilib.
Qeyd edək ki, qəbiristanlıqların bələdiyyələrin mülkiyyətinə verilməsi uzun müddətdir müzakirə olunurdu. Artıq bu qərar təsdiq olundu.
Məsələ ilə bağlı fikir bildirən bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qəbiristanlıq torpaqlarına əvvəllər də bələdiyyələr nəzarət edirdilər. Sadəcə, bu proses artıq rəsmiləşdirildi.
Həmsöhbətimiz hesab edir ki, qəbiristanlıqların bələdiyyələrin mülkiyyətinə verilməsi onlara olan diqqətdən irəli gəlir: “Bələdiyyələrə bu səlahiyyətin verilməsinin bir neçə müsbət tərəfi var. İlk olaraq bildirim ki, bu sahədə yaşanan pərakəndəlik aradan qalxacaq. Bəllidir ki, qeyd olunan sektorun xidmət səviyyəsində problem yaşanır. Prezidentin qərarından sonra qəbiristanlıqlarda xidmət səviyyəsi sistemləşdiriləcək. Dəfn, məzarların ətrafına nəzarətin olması və digər xidmətlərin bələdiyyələr tərəfindən icra olunması bu sahədə dəyişiklik yaradacaq. Bu kimi işlərin bələdiyyələr tərəfindən icra olunması onların məsuliyyətini daha da artıracaq. Eyni zamanda, həmin ərazilərdə yaşanan problemlərin həll olunmasına təkan verəcək”.
V.Tofiqli onu da vurğuladı ki, qəbiristanlıq elə bir yerdir ki, ora daim təmiz saxlanmalıdır: “Qəbiristanlıqların bələdiyyələrə verilməsindən sonra məzarların ətrafı artıq əvvəlki kimi səliqəsiz olmayacaq. Qəbiristanlıqların təmiz saxlanması üçün bələdiyyələr, qəbiristanlıq işçiləri və hər kəs bu işdə fəal olmalıdır”.
Günel CƏLİLOVA