İlqar Orucov: “Universitetlərin nəzdində orta məktəb və ya kolleclər ödənişsiz əsaslarla fəaliyyət göstərərlərsə, daha yaxşı olar”
Məlum olduğu kimi, Azərbaycanda ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirilə bilər. Bu barədə “Təhsil haqqında” Qanuna yeni dəyişikliklərin edilməsi təklif olunur. Qanuna təklif edilən dəyişikliklərə görə, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Ali məktəblərin kollec təhsili verməsinə münasibət bildirən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə əsasən, ali təhsil müəssisələri həm ali, həm də kollec təhsili verə bilər: “Bu çox müsbət bir dəyişiklik ola bilər. Hesab edirəm ki, bu dəyişiklik təhsilin inkişafına töhfə verə bilər. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, ali təhsil müəssisələrinə məxsus kollec, orta məktəb və liseylər var. Bu təcrübənin Azərbaycana gəlməsi müsbət təsirsiz ötüşməyəcək. Nəzərə almaq lazımdır ki, ali təhsil müəssisələrinin özlərinin kifayət qədər potensialı var. Məsələn, Bakı Ali Neft Məktəbinin nəzdində hər hansı bir orta məktəbin olması məhz neft sənayesində çalışmaq üçün özünə hədəf seçən orta məktəb şagirdləri üçün yeni imkanlar açacaq. Tək orta məktəb deyil, kollecin olması da gələcək kadrlar üçün faydalı olar”.
Həmsöhbətimizin sözlərinə görə, hər bir universitetin özünün tədqiqat laboratoriyası olduqca vacibdir. Bu, Azərbaycan təhsilinə və elminə müsbət təsir göstərər.
İ.Orucovun fikrincə, universitetlərin nəzdində orta məktəb və ya kolleclər ödənişsiz əsaslarla fəaliyyət göstərərlərsə, daha yaxşı olar. Çünki maddi durumu zəif ailələrin istedadlı uşaqlarının müxtəlif profilli sahələr üzrə təhsil almaq imkanı olmalıdır. Ödənişsiz təhsilin olması olduqca vacibdir”.
Günel CƏLİLOVA