Fatimə Hacıbəyli: “... həmin ailə nəzarətə götürüləcək”
Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün yeni qayda tətbiq olunacaq. Belə ki, zorakılıq hallarının qarşısının alınması üçün tamamilə yeni texnologiyanın - onlayn monitorinq sisteminin qurulması nəzərdə tutulur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Trend”ə açıqlamasında bildirib ki, onlayn monitorinq sisteminin qurulması məsələsi məişət zorakılığı və qadın hüquqlarının təmini ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi üçün komitə tərəfindən hazırlanan təkliflər paketinə daxildir. Təkliflərin il ərzində hazırlanaraq qəbul edilməsi nəzərdə tutulur: “Ailələrdə zorakılıqların qarşısının alınması üçün yeni - onlayn texnologiyaların tətbiqi vacibdir. Ailədə baş verən zorakılıq halları ilə bağlı yerlərdə monitorinqlərin aparılması çox çətindir. Çünki zorakılığa görə risq qrupuna daxil olan ailələrdə gün ərzində monitorinqlərin aparılması mümkünsüzdür. Onlayn monitorinq sistemi isə ailədə baş verən zorakılıq hallarını aşkarlamağa və onun qarşısını almağa imkan verəcək. Zorakılığın qarşısının alınmasına yönələn onlayn monitorinq sistemi artıq Avropa İttifaqına daxil olan ölkələrdə tətbiq edilir. Azərbaycanda da qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsindən sonra belə bir sistemin tətbiqi nəzərdə tutulur. Bunun üçün evdə kameraların quraşdırılması düzgün deyil. Çünki bu, şəxsi həyata müdaxilə hesab edilir. ABŞ-da belə bir təcrübə var ki, şəxs zorakılıq törətdikdə onun müəyyən bir müddət ərzində evdən uzaqlaşmaması barədə qərar verilir. Həmin şəxsin ya ayaqlarına, ya da qollarına xüsusi bilərziklər bağlanır. Bu bilərziklər vasitəsilə şəxs müəyyənləşdirilmiş ərazini tərk etdikdə mərkəzi sistemə elektron qaydada siqnallar ötürülür və beləliklə, ona nəzarət edilir. Yaxud başqa belə bir təcrübə də var: Evdə quraşdırılmış xüsusi proqramlaşdırılmış qurğular zorakılıq baş verdikdə - evdə qışqırıq olduqda, eyni zamanda, müəyyən “açar” sözlərə reaksiya verir. Bu zaman həmin qurğular evdə qəza rejimində olan qurğular kimi siqnallar verir və həmin siqnallar sistemə ötürülür. Onlayn monitorinq sistemi imkan verəcək ki, ailədə baş verən zorakılığın qarşısı həmin an olmasa belə, bir saat ərzində alınsın. Bunun üçün ailəyə lazımi yardım göstəriləcək”.
Zorakılığın qarşısının alınması üçün onlayn monitorinq sisteminin quraşdırılması barədə fikir bildirən “Vəfa” İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu sistem ailədə zorakılığın qarşısını alacaq: “Bu gün ailələrdə məişət zorakılığı yaşanır. Bu metod sayəsində zorakılığın qarşısı qismən də olsa alınar. Ailələrdə zorakılığın qarşısının alınması istiqamətində həm dövlət, həm də vətəndaş cəmiyyətləri tərəfindən müxtəlif işlər görülür. Etiraf edək ki, zorakılığa məruz qalan qadınların əksəriyyəti yaşadığı əziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmir. Onlar cəmiyyətin münasibətindən ehtiyat edərək ailədə zorakılığa məruz qalmaqda davam edirlər. Onlayn monitorinq olarsa, zorakılığa məruz qalan şəxs barədə dərhal aidiyyəti qurumlara xüsusi qurğu vasitəsilə məlumat göndəriləcək. Belə olan halda, həmin ailə nəzarətə götürüləcək. Ailə üzvləri psixoloqla həmsöhbət olacaqlar. Bir sözlə, onlara lazımi qayğı və dəstək göstəriləcək”.
Həmsöhbətimiz onu da bildirdi ki, onlayn monitorinq sisteminin ucqar ərazilərdə qurulması daha yaxşı olar. Çünki bu ərazilərdə yaşayanların bir qismi müxtəlif növ zorakılığa məruz qalır.
F.Hacıbəylinin sözlərinə görə, bir sıra xarici ölkələrdə zorakılığın qarşısını almaq üçün onlayn monitorinq sistemi həyata keçirilir: “Bunun Azərbaycanda hansı formada tətbiq ediləcəyi bəlli deyil. İnanmıram ki, Azərbaycan bəyləri evinə hər hansı bir qurğunun qoyulmasına razılıq versin. Çox güman ki, bu, mobil telefonlara yüklənən xüsusi proqramlar vasitəsilə mümkün olacaq”.
Günel CƏLİLOVA