“Bütün bu görülən tədbirlər sayəsində daha çox vətəndaş ev almaq imkanı əldə edəcək”
Məlum olduğu kimi, Yasamal Yaşayış Kompleksində ilk mənzillərin seçimi yenidən təşkil olunacaq. Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, ilk satış prosesinin mənzil seçimi mərhələsində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığına görə portalın artıq yüklənməyə məruz qalması və bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb.
Eyni zamanda, “Güzəştli mənzil” sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib. Bununla da yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub.
Texniki nasazlıqlar nəticəsində “Güzəştli mənzil” sistemi istifadəçilərinin seçim imkanlarının qeyri-bərabərliyinin bu elektron sistemin əsas iş prinsiplərinə zidd olduğunu nəzərə alaraq, 07.05.2018-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib. Agentliyin sərəncamında olan mənzillərin seçimi yenidən təşkil olunacaq. Hazırda müvafiq qurumlar tərəfindən sadalanan problemlərin aradan qaldırılması ilə bağlı zəruri işlər görülür.
Bütün hallarda, baş verənləri ekspertlər necə dəyərləndirirlər və gözləntiləri nədir? Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, satışın yenidən təşkil olunması ilə bağlı qərarın verilməsi anlaşılandır. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla nəzərə almaq lazımdır ki, “Güzəştli mənzil”də elektron sistemin tətbiq olunması birinci dəfə idi. Bu zaman bir sıra çətinliklərin ortaya çıxması hardasa gözlənilən idi. Çünki MİDA ola bilsin elektron formada bu cür kütləvi axının olacağını təxmin etməyib. Adətən istənilən portala kütləvi axın olanda belə texniki problemlər ortaya çıxır və nəticədə portal işləyə bilmir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda güzəştli şərtlərlə mənzilə ehtiyacı olanların sayı böyükdür. Gəlirləri aşağı olan bir çox ailə belə mənzilləri almağa ümid edir. “Güzəştli mənzil” sistemində ona görə problem yaranıb ki, vətəndaşlar daha tez mənzil növbəsinə durmağa çalışıblar. Yəni kim daha tez müraciət edib növbəyə durarsa, təbii ki, həmin şəxs tez mənzil əldə edəcək. Hesab edirəm ki, bu səbəbdən portala kütləvi axın olub. Ona görə də belə texniki problem ortaya çıxıb. Düşünürəm ki, növbəti dəfə sözügedən parametrlər nəzərə alınacaq və bu kimi texniki problemlər ortaya çıxmayacaq. Eyni zamanda, təkmilləşdirmə işləri aparılacaq və sosial mənzil satışında şəffaflıq yüksək səviyyədə təmin olunacaq. Bütün bu görülən tədbirlər sayəsində daha çox vətəndaş ev almaq imkanı əldə edəcək”.
Vidadi ORDAHALLI