“Son zamanlar Azərbaycan iqtisadiyyatında qeydə alınan aktivlik ilk növbədə əhalinin nominal gəlirində özünü göstərir”
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 16272,8 mln. manat olub. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, əhalinin hər nəfərinə düşən nominal gəlir orta hesabla 1662,1 manat təşkil edib. Qeyd edək ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14 mlrd. 944,7 mln. manatlıq və ya əvvəlki ildəkindən 9,5 faiz çox vəsait qalıb.
Ekspertlərin bildirdiyinə görə, əhalinin aylıq nominal gəlirinin artması gözlənilən idi. Son zamanlar qeyri-neft sektorunun inkifaı istiqamətində görülən işlər çoxlu sayda iş yerinin açılmasına səbəb oldu. Bu da əhalinin nominal gəlirinə müsbət təsir göstərdi.
Cari ilin yanvar-aprel ayları ərzində əhalinin nominal gəlirinin 9,2 faiz artmasına münasibət bildirən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əhalinin nominal gəlirinin artmasının müəyyən səbəbləri var: “İlk olaraq bildirim ki, bu, son zamanlar ölkə iqtisadiyyatında qeydə alınan proseslərlə bağlıdır. Bəllidir ki, Azərbaycan iqtisadiyyatında aktivlik yüksəlib. Bunun da əsas göstəricilərindən biri tikinti sektorunda qeydə alınan inkişafla bağlıdır. Bu gün ölkənin hər bir ərazisində, o cümlədən paytaxt Bakıda da tikinti işləri gedir. Bu sektorda yaşanan canlanma iqtisadiyyatın digər sahələrinə də öz təsirini göstərir. Təbii ki, bu da əhalinin nominal gəlirinə öz təsirini göstərir”.
Həmsöhbətimiz hesab edir ki, ilin sonlarına yaxın əhalinin nominal gəliri bir qədər də yüksələcək. Ümumiyyətlə, 2018-ci ilin iqtisadi artımla başa vurulacağı gözlənir.
Günel CƏLİLOVA