“Hesab edirəm ki, yaxın müddət ərzində bu sahədə vəziyyət dəyişəcək”
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın cinayət məsuliyyəti yaratması ilə bağlı Milli Məclisin qəbul etdiyi dəyişikliyi təsdiqləyib. Dövlət başçısı bu barədə müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, xeyli miqdarda vergini, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İşsizlikdən sığorta haqqını ödəməyənlərin məsuliyyətə cəlb olunmasını ekspertlər də müsbət qarşılayırlar.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işsizlik sığortası sosial sığorta sayılır: “Belə bir cəza tədbirinin tətbiq olunması işəgötürənlər tərəfindən sığorta haqlarının ödənilməsini artıracaq. Artıq işəgötürənlər bu sahədə daha məsuliyyətli olacaqlar. Həmçinin, məlum qayda işəgötürənlər üçün yeni bir təcrübədir. Yeni olduğu üçün ödənişlər tam olaraq qaydaya düşməyib. Amma hesab edirəm ki, yaxın müddət ərzində bu sahədə vəziyyət dəyişəcək. İşəgötürənlər öz məsuliyyət yükünün ağırlığını başa düşüb məcburi dövlət sosial sığorta haqlarını ödəyəcəklər”.
Günel CƏLİLOVA