İctimaiyyəti narahat edən, cəmiyyəti düşündürən məsələləri polis orqanları da daim diqqətdə saxlayır, bu sosial problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər. Ölkəmizin, demək olar ki, əksər şəhər və rayonlarında orta məktəblərdə, gənclər kollektivlərində keçirilən görüşlərdə günümüzün aktual mövzularına toxunulur, dinləyicilərin maariflənməsi işi diqqətdə saxlanır.
Belə tədbirlərdən biri bu yaxınlarda paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına tam orta məktəbdə keçirilib. “Ağ ölüm əsrin bəlasıdır” görüşün əsas mövzusu olub.
Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri Emin Məmmədov, Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Naib Ömərov, İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Binəqədi RPİ-nin Veteranlar Şurasının sədri Zakir Əhmədov iştirak edib.
Çıxış edən tədbir iştirakçıları yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin, sosial bəlaya çevrilmiş narkomaniya və digər zərərli vərdişlərin fəlakətli nəticələrə gətirib çıxardığını və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyəti olduğunu qeyd edərək, gənclərimizə idmanla məşğul olmağı, yaxşı oxumağı və vətənpərvərlik ruhunda böyüməyi tövsiyyə edib.
Sonda tədbir diskussiya şəklində davam edib, şagird və müəllim heyətini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Veteranların iştirakı ilə belə silsilə tədbirlər Yasamal rayonu ərazisindəki 225 saylı, Xətai rayonundakı 17 saylı tam orta məktəblərdə, Xəzər rayonundakı 322 saylı, Nərmanov rayonundakı “Humanitar fənlər liseyi” və “İstək” liseyində də keçirilib.
2018-ci ilin 1-ci rübündə Bakı şəhər BPİ-nin Veteranlar Şurasının iştirakı və təşkilatçılığı ilə 386 tədbir keçirilib, onlar 244 cinayətin açılmasında iştirak ediblər.
Xəyalə MƏMMƏDOVA polis leytenantı