Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə "Mən həmişə fəxr edirəm ki, azərbaycanlıyam" adlı xeyriyyə tədbiri keçirilib. Məlumat üçün bildirək ki, xeyriyyə tədbiri "Şəhid, Əlil və Veteranlar", "Vəfa Sosial Problemlərə Dəstək" və "Ahıllara və Tənhalara Dəstək" ictimai birliklərinin təşəbbüsü ilə keçirilib.
Tədbirdə KİV təmsilçiləri, QHT sədrləri, ictimai xadimlər iştirak ediblər. Xeyriyyə konserti Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb. İlk söz Ağsaqqallar Şurası İctimai Birliyinin sədri Nadir Ağayevə verilib. N.Ağayev öncə Heydər Əliyevin həyat yolundan, onun beynəlxalq aləmdə tanınmasından, eyni zamanda, sosial-iqtisadi istiqamətdə xidmətlərindən danışaraq, təhsil, səhiyyə və hərbi sahələrə verdiyi töhfələrdən də söz açıb.
Xeyriyyə tədbirində iştirak edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək bildirib ki, H.Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan istər siyasi, istərsə də iqtisadi sahədə böyük uğurlara imza atıb.
Tədbir "Musiqi dünyası" ansamblının konsert proqramı ilə davam etdirilib.
Günel CƏLİLOVA