Mayın 7-də Siyəzən Rayon Polis Şöbəsində 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirin əvvəlində Böyük Vətən Müharibəsində həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərməsi haqda danışıb. Qeyd edib ki, qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 700 minə yaxın igid oğlu və qızı cəbhəyə yollanmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdi. Həmvətənlərimizin 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdi. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdu. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Hacıbaba Zeynalov, Tərlan Əliyarbəyov, Akim Abbasov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıb.
Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndəsi Vuqar Abdullayev, Bakı neftinin faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olduğunu bildirib. Öz çıxışında hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördünün Bakı benzini ilə işlədiyini qeyd edən natiq İkinci Dünya müharibəsində Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını dünyaya bir daha sübut etdiyini deyib.
Nizam HƏMİDOV DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı