Mayın 3-də DİN-in Polis Akademiyasında «1941-1945-ci illərdə faşizmə qarşı aparılan müharibədə Qələbənin 73-cü ildönümü»nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranı, təqaüddə olan polis polkovnik-leytenantı, hüquq elmləri namizədi Mehdi Mehdiyev, DİN-in Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və Şuranın sədr müavini, istefada olan polis polkovniki Ramiz Axundov iştirak edib.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək II Dünya müharibəsinin tarixi, “9 may - Qələbə günü”nün Azərbaycan Respublikasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bayram kimi qeyd olunması, həmin müharibədə azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və igidliklər barədə şəxsi heyətə məlumat verib.
Çıxış edən müharibə veteranı Mehdi Mehdiyev keçdiyi odlu-alovlu müharibə, eyni zamanda şərəfli ömür yolu haqda söhbət aparıb, öz təcrübələrinə əsaslanaraq gənc nəslə tövsiyələrini verib.
İctimai elmlər kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov İkinci Dünya müharibəsində Azərbaycan xalqının qəhrəmanlığı barədə şəxsi heyətə ətraflı məlumat verib.
Tədbirdə həmçinin DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanov çıxış edərək respublika daxili işlər orqanları əməkdaşlarının Böyük Vətən Müharibəsinin ilk günlərindən səfərbər olaraq həm ön, həm arxa cəbhədə fədakarlıqlar göstərdiyini, müharibədə döyüşən 800 azərbaycanlı milis əməkdaşlarından 3 nəfərinin “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına, onlarla əməkdaşın orden və medallara layiq görüldüyünü bildirib. Daha sonra onların iştirakı ilə müharibədən sonrakı illərdə ölkənin ictimai asayişin qorunmasında göstərdikləri qəhramanlıqlardan söhbət açıb.
Bundan sonra Akademiya rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev çıxış edərək həmin müharibədə xaricdə yaşayan soydaşlarımızın da iştirak etdiyini və faşizmə qarşı mübarizədəböyük şücəat göstərdiklərini bildirib.
Sonda Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev gələn qonaqlara minnətdarlğını bildirib, gələcəkdə Akademiyada keçirilən tədbirlərdə veteranların yaxından iştirak etmələri və kursantlarla tövsiyə xarakterli söhbətlərin aparılmasının vacibliyi vurğulanıb.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı