Azərbaycanda dərman vasitələrinin reklamının tam əleyhinəyəm. “Trend”in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünən keçirilən iclasında deyib.
Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda dərman vasitələrinin reklamına qismən icazə verilir, ancaq bu məsələyə yenidən baxılmalıdır: “Dərman vasitələrinin reklamı siqaretin reklamından daha təhlükəlidir. Biri çıxıb deyir ki, şəkərli diabeti bu dərmanla müalicə etmək olar və s”.
Komitə sədri vurğulayıb ki, Avropa ölkələrində dərman vasitələrinin reklamı qadağan olunub: “Hesab edirəm ki, biz də bu məsələyə yenidən qayıtmalıyıq”.
Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə və pasiyentlərin əməliyyat edilməsinə artıq başlanıb. Bunu da Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında deyib.
Ə.Əmiraslanov vurğulayıb ki, bu əməliyyatın hansı klinika tərəfindən icra olunmasına müvafiq icra hakimiyəti orqanı icazə verir və əməliyyatın hansı həkimlər tərəfindən icra edilməsi müəyyən edilir: “Ola bilər, hansısa klinikalara bu əməliyyatı icra etmək icazəsi verilməyib, ancaq Azərbaycanda bu əməliyyat artıq həyata keçirilr”.
Deputat Musa Quliyev isə bildirib ki, gözün buynuz qişasının Azərbaycana gətirilməsi üçün heç bir əngəl qalmayıb, bununla bağlı lazımi qanunvericilik bazası yaradılıb: “Təbii ki, hər kəs bunu gətirə bilməz, ancaq qanunvericilik çərçivəsində bu işi həyata keçirmək üçün heç bir əngəl qalmayıb”.
Qeyd edək ki, bir müddət öncə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Fərəh Abduləliyeva bildirmişdi ki, yaxın bir neçə həftədə Azərbaycanda xəstələrə gözün buynuz qişasının transplantasiyasına başlanacaq: "Mərkəzdə 3000-dən çox xəstə gözün buynuz qişasının köçürülməsi üçün qeydiyyatdadır. Gözün buynuz qişalarının İran, ABŞ və Rusiyadan gətirilməsi nəzərdə tutulur. Əməliyyat Milli Oftalmologiya Mərkəzində icra olunacaq".