Rasif Bağırov: “Həkim xəstəyə dərmanın adını deyil, seçim üçün tərkibində bu təsiredici maddə olan bir neçə preparat təklif edə bilər”
Reseptlərin verilməsində nömrəlilik prinsipinin tətbiqi, reseptdə dərmanın tərkibinin yazılması təklif edilir. Bu sözləri media nümayəndələrinə millət vəkili Musa Quliyev deyib.
O bununla bağlı “Dərman vasitələri haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu deyib: “Artıq həmin dəyişiklikləri hazırlamışıq. Səhiyyə komitəsinin iclasında bunu müzakirə edəcəyik. Həmin dəyişikliklərdə farmoko nəzarətin gücləndirilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınıb”.
Millət vəkili bildirib ki, bu dəyişikliklər qəbul edildiyi halda, dərman vasitələrinin saxlanması, satılmasında, dövriyyəsində neqativ halların aradan qaldırılmasına imkan verəcək.
“Həmçinin aptek, dərman şirkəti ilə səhiyyə müəssəsi arasında münasibətlər də tənzimlənəcək. Dərmanların təqdimatı ilə bağlı təlimatlar müəyyən orqanlar tərəfindən veriləcək. Dərman satan təşkilatın səhiyyə müəssisəsinə daxil olub həkimlərlə söhbət aparması üçün yuxarı təşkilatların icazəsi tələb olunacaq. Reseptlərin verilməsində nömrəlilik, dərmanın tərkibinin yazılması məsələləri nəzərdə tutulub”.
Reseptlərin yazılmasında dərmanın tərkibinin yazılması müsbət qarşılanır.
Həkim-ekspert Rasif Bağırov bizimlə söhbətində bunları bildirdi: “Xəstə ona təyin olunan müalicə zamanı tək dərmanların adlarını deyil, eyni zamanda onun tərkibini də öyrənəcək”.
Həmsöhbətimiz hesab edir ki, reseptə dərmanın adı ilə yanaşı, onun tərkibinin yazılması həkim-dərman firmaları işbirliyinin qarşısını alacaq: “Onu da deyim ki, bir sıra xarici ölkələrdə həkim xəstəyə dərmanın adını deyil, seçim üçün tərkibində bu təsiredici maddə olan bir neçə preparat təklif edir. Preparatların qiymətləri çox fərqlənə bilər. Bu, preparatı istehsal edən ölkədən və bir çox digər amillərdən asılıdır. Lakin bu preparatların tərkibi və orqanizmə təsiri eynidir. Dünyanın bir çox ölkələrində dərman reseptləri məhz bu qayda ilə yazılır. Reseptdə dərmanın beynəlxalq patentləşməmiş adı göstərilir. Aptekdə isə əczaçı xəstəyə seçim üçün bir neçə preparat təqdim edir. Bir çox ölkədə əczaçı xəstəyə ilk növbədə ən ucuz preparat təklif edir. Belə bir qayda bizdə də tətbiq oluna bilər”.
Günel CƏLİLOVA