Çingiz İsmayılov: “Azərbaycan dünyada nadir yerlərdən biridir ki, yəhudilərə müsbət münasibət var”
Ölkəmizdə turizm sahəsinin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti son illərdə öz bəhrəsini verməkdədir. Turistlərin rahatlığı üçün müasir infrastrukturun yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin, sadələşdirilmiş viza sisteminin tətbiqi ildən-ilə ölkəmizə gələn xarici turistlərin sayının artması ilə nəticələnib. Turist axını, təbii olaraq, ölkəyə daxil olan vəsaitin də artmasına müsbət təsir edir.
Turizmin inkişafı istiqamətində görülən işlər sayəsində son illər ölkəmizə müxtəlif ölkələrdən turistlər gəlir. Qeyd olunur ki, cari il ərzində Azərbaycana gələn İsrail turistlərinin sayı 3 dəfə artaraq, 50 mindən çox olacaq. Bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrail dövlətinin 70 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, turizm Azərbaycanla İsrail arasında əməkdaşlığın inkişaf etdiyi sahələrdən biridir: “İsraildən Azərbaycana gələn turistlərin sayı artır və onlar gözəl təəssüratlarla geri qayıdırlar”.
Ekspertlərin fikrincə, İsrail turistlərinin ölkəmizə axın etməsi Azərbaycan turizminin inkişafına müsbət təsir edəcək.
Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İsrail turistlərinin ölkəmizə maraq göstərməsi Azərbaycanın multikulturalizm, tolerantlıq sahəsində yürütdüyü siyasətin nəticəsidir: “Bəllidir ki, hazırda Avropanın bir sıra ölkələrində, Yaxın Şərqdə yəhudilərə qarşı müxtəlif təpkilər var. Azərbaycan dünyada nadir yerlərdən biridir ki, yəhudilərə müsbət münasibət var. Məlumdur ki, Azərbaycanda yəhudi diasporu fəaliyyət göstərir. Həmin diaspor İsraildəki yəhudilərlə əməkdaşlıq edir”.
Həmsöhbətimizin sözlərinə görə, İsrail vətəndaşları istirahət zamanı sərt təpkilərlə rastlaşmayacaqları ölkələrə getmək istəyirlər: “İsrail vətəndaşlarının Azərbaycanı seçməsi yürüdülən siyasətin nəticəsidir. Bu hal bir azərbaycanlı kimi məni çox fərəhləndirir. Hesab edirəm ki, İsrail turistlərinin Azərbaycana axın etməsindən faydalı istifadə etməliyik. Yəhudi turistlərinə xüsusi diqqət göstərmək lazımdır. Ümumiyyətlə, bütün turistlərə diqqət göstərilməlidir”.
Ç.İsmayılov onu da vurğuladı ki, turizm sektorunda elə qiymətlər olmalıdır ki, cəlbedici olsun. Bu il İsraildən ölkəmizə gələcək turistlərin sayı 3, gələn il isə 5 dəfə artar: “Bu davamlı olmalıdır. Davamlılığın təmini üçün bu sahəyə nəzarət artmalıdır. Qiymət siyasətinə nəzarət tətbiq olunmalıdır. Ölkəmizə gələcək turist qiymətin yüksək, servisin isə aşağı olduğunu görüb Gürcüstanla müqayisə aparacaq. Belə olan halda, turist növbəti il istirahət üçün Gürcüstana gedəcək. Bu səbəbdən də hesab edirəm ki, yaranmış şəraitdən düşünülmüş şəkildə, elmi-iqtisadi əsaslarla istifadə etməliyik. Belə olarsa, tək İsraildən deyil, bir sıra ölkələrdən ölkəmizə gələn turistlərin sayı artacaq”.
Günel CƏLİLOVA