Adəm Məmmədov: “Vəkillik elə bir sahədir ki, qanunvericiliyi mükəmməl bilməli, hətta istintaq, prokurorluq əməkdaşları və məhkəmə hakimlərindən də savadlı olmalıdır”
Xəbər verildiyi kimi, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov media nümayəndələrinə açıqlamasında bildirib.
O qeyd edib ki, vəkilliyə qəbulla bağlı 3 illik iş stajının 1 ilə endirilməsini təklif ediblər. 3 illik iş stajı 1 ilə endirilsə, gənc hüquqşünaslar bu sahəyə yönələr: “Biz vəkilliyə daha çox gənc hüquqşünasları cəlb etmək istəyirik. Ona görə də stajın aşağı olması məqsədəuyğun olardı".
Qeyd edək ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna görə, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində fəaliyyət göstərən, İxtisas Komissiyasında müvəffəqiyyətlə imtahan verən şəxs vəkil ola bilər.
Vəkilliyə qəbulla bağlı iş stajının 3 ildən 1 ilə endirilməsinə münasibət bildirən vəkil Adəm Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Vəkilliyə qəbulda iş stajının 3 ildən 1 ilə endirilməsinin müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu sahə gəncləşəcək. Ancaq bu, başqa problemlərin yaranmasına səbəb olacaq. Bəllidir ki, vəkil mütləq peşəkar olmalıdır. Vəkillik elə bir sahədir ki, qanunvericiliyi mükəmməl bilməli, hətta istintaq, prokurorluq əməkdaşlarından və məhkəmə hakimlərindən də savadlı olmalıdır. İş təcrübəsi zəif olan şəxslərin işə qəbulu müəyyən problemlər yarada bilər.
Vəkilin müəyyən qədər hüquq təcrübəsi olmalıdır ki, vətəndaşların hüquqlarını müdafiə edə bilsin. İş təcrübəsi olmayan şəxsin insanların hüquqlarını müdafiə etməsində problem yarana bilər”.
Həmsöhbətimiz hesab edir ki, vəkillik fəaliyyəti üçün elə üçillik iş təcrübəsinin olması yetərlidir. Üç il ərzində hər hansı bir hüquqşünas hansısa sahədə çalışıb müəyyən qədər təcrübə və biliyə malik ola bilər.
Günel CƏLİLOVA