Seyid Camal Əzimbəyli: “Din xadimlərinə maddi yardımın verilməsi din-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə əlavə bir xidmət olacaq”
Azərbaycanda maddi dəstək alacaq din xadimlərinin siyahısı müəyyənləşdirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı media nümayəndələrinə açıqlamasında qeyd edib.
O qeyd edib ki, həmin siyahıya uyğun olaraq QMİ-nin təyin etdiyi məscidlərdə çalışan mütəvəllilərə, imamlara veriləcək maddi dəstək hər ay onlar üçün açılmış bank hesablarına köçürüləcək: "Bakı və Bakıətrafı, Naxçıvan MR üzrə siyahılar müəyyənləşib. Bu günlərdə maddi dəstəyin ödənilməsinə başlanacaq. Siyahıda din xadimlərinin sayı 1000 nəfərdən çoxdur. Təyinatı olan din xadimi maddi dəstəyi alacaq. Həmin din xadimləri ilə Mənəvi Dəyərlər Fondu müqavilə imzalayacaq. Müqavilədə maddi dəstəyin hansı şərtlər daxilində verilməsi qeyd edilir. Burada rəsmi şəkildə çalışan din xadiminin mənəvi dəyərlərin təbliğində töhfəsi də nəzərə alınıb".
Sədr qeyd edib ki, yalnız QMİ tərəfindən rəsmən bəyan olunan və 3 kateqoriyadan olan din xadimlərinə maddi dəstək nəzərdə tutulur: "Din xadimlərinə veriləcək məbləğlər Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub. İmamlar 450, naiblər 300, mütəvəllilər isə 200-250 manatdan yuxarı maddi dəstək alacaqlar. Naxçıvan MR-də çalışan 200-ə yaxın din xadimi də maddi dəstək alacaq”.
Məsələ ilə bağlı fikir bildirən şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin sərəncamı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimlərinə müəyyən məbləğdə əməkhaqqı verəcək: “Din xadimlərinə maddi dəstəyin göstərilməsi təqdir olunmalıdır. Azərbaycanda tolerantlıq, birlik və bərabərliyimizi, təriqətlərarası dözümlülüyü pozmağa cəhd göstərən yad qüvvələr var. Təəssüf ki, həmin yad təsirlərə bəzən dindarlar da düşür. Hesab edirəm ki, yad təsirlərdən mühafizə olunmağa və din-dövlət münasibətlərinin daha da möhkəmlənməsinə əlavə bir xidmət olacaq. Din xadimlərinə maddi yardımın göstərilməsi dövlətin dini və mənəvi dəyərlərə təəssübkeşliyinin əyani nümunəsidir”.
Günel CƏLİLOVA