Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı İdarəetmə və Texnologiya Kollecində dövlət himnimizin müəllifi Əhməd Cavada həsr olunmuş “Əhməd Cavad - istiqlalımızın tərənnümçüsü” mövzusunda maarifləndirici tədbir keçirilib.
Məruzəçi, “Azərbaycan” qəzetinin müxbiri, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı 45 yaşında Stalin repressiyasının qurbanı olmuş şairin ömür yolundan, yaradıcılığından danışıb. O, müəllifi olduğu “Əhməd Cavad”, “Cumhuriyyət şairi”, “Əhməd Cavadın yaradıcılıq yolu” kitablarını kollecin kitabxanasına hədiyyə edib. Bilik Fondunun sektor müdiri Hacı Abdulla Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına uyğun olaraq keçirilən tədbirlər barədə danışıb, belə ədəbi-bədii tədbirlərin gənclərin vətənpərvərlik, estetik tərbiyəsində böyük əhəmiyyətini qeyd edib.
Tədbirdə Əhməd Cavadın şeirləri, sözlərinə yazılmış mahnılar səslənib, tələbələrin sualları cavablandırılıb.
Məhəmməd SADİQ