Ərşad Hüseynov: “Yeni təsdiqlənən dəyişikliyə görə, təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir”
Taksi xidməti göstərən avtomobillərin bəzilərində taksometrlər yoxdur. Yəni taksi sürücüləri müştərilərə gedəcəkləri ünvana uyğun olaraq təxmini məbləğ deyirlər. Bu da bəzi hallarda sürücü-sərnişin anlaşılmazlığına səbəb olur. Taksi sürücüləri bildirirlər ki, xidmət müqabilində sərnişindən tələb edilən məbləğ qət edilən məsafəyə görə sərf olunan təxmini yanacağa və avtomobilin xərcinə görə hesablanır.
Artıq taksi xidməti ilə məşğul olan bütün taksilərə taksometr cihazı quraşdırılacaq. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtomobillərinə taksometr cihazı qoymasalar, cərimə ediləcəklər. Bununla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinə edilən dəyşiklikdə yer alıb. Dəyişikliyə əsasən, tək taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir.
Qeyd edək ki, bu dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Taksiyə taksometr quraşdırılmayıbsa və ya istifadəyə yararsız vəziyyətdədirsə, o zaman sürücülər 2019-cu il yanvarın 1-dən etibarən 40-50 manat dəyərində cərimə ediləcək.
Taksilərə taksometrin quraşdırılmaması və onun nasaz olmasına görə sürücülərin cərimələnməsinə münasibət bildirən yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov qeyd etdi ki, taksilərin tək-tükündə taksometr var. Bəzən Dövlət Yol Polisi taksi sürücülərinə bu qurğu olmadığına görə İXM-in 322.0.2-ci maddəsinə əsasən, 40-50 manat cərimə yazırdı. Yeni təsdiqlənən dəyişikliyə görə, təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir. Qeyd edim ki, bu dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minəcək. Qanunda birbaşa göstərilir ki, bu dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar 2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz”.
Günel CƏLİLOVA