Görkəmli oftalmoloq, respublikada tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi paytaxtın Nəsimi rayonunda qeyd olunub.
Əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da Azərbaycanın tanınmış rəssamlarının görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak edib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışıb, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib.
Sonda rayon məktəbliləri arasında Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş yazı müsabiqəsinin qalibləri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Baki-xeber.com