DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik reyd keçirib.
Reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanıb, onlarla DYPB-nin əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.
Toğrul NƏSİRLİ polis leytenantı