Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş karxanası 166 ünvanında yaşayan Sabir Mustafa oğlu Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. S.Babayev həmin məktubun bir nüsxəsini də dərc edilməsi üçün “Bakı-Xəbər” qəzetinin redaksiyasına təqdim edib.
S.Babayev ölkəmizin Birinci vitse-prezidentinə ünvanladığı məktubda bildirir ki, özünün 63 yaşı var və heç bir yerdə işləmir. 5 nəfərdən ibarət ailə üzvlərinin heç birinin də işləmədiyini yazan S.Babayev qeyd edir ki, həyat yoldaşı Zemfira Babayeva 2016-cı ilə qədər Bakı Biskivit Fabrikində işləyib, lakin 2016-cı ildə sözügedən fabrik bağlandığı üçün, Z.Babayeva da işsizdir. Həyat yoldaşının pensiya almasına köməklik göstərməsi üçün M.Əliyevaya müraciət edən S.Babayevin yazdığına görə, həyat yoldaşının 18 illik iş stajı olduğu üçün o, pensiya ala bilmir.
“Nərimanov rayon Pensiya Fondundan mənə bildirdilər ki, 18 il iş stajı olan vətəndaşlara pensiya verilmir. Ailədə 5 nəfərik və heç kim işləmir. Vəziyyətimiz çox acınacaqlı olduğu üçün, xahiş edirəm ki, ailə üzvlərindən hər hansı birinin işlə təmin edilməsinə, yaxud yoldaşımın pensiya ala bilməsinə yardım göstərəsiniz” - deyə yazan S.Babayev ümid edir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva onun müraciətinin müsbət istiqamətdə həll edilməsinə yardım göstərəcək.
Xəbər xidməti