Aprelin 21-də saat 17 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov “UAZ” markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Talallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib.
Məlumatla əlaqədar Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib və bu barədə rayonun və müvafiq qurumların rəhbərliyinə təcili məlumat verib.
Rayon İcra Hakimiyyətinin, RPŞ-nin rəhbərliyi və şəxsi heyəti təcili tibbi yardım briqadası ilə birgə vaxt itirmədən həmin istiqamətə yollanıb. Hava şaxtalı və çovğun olduğundan, ucqar dağ kəndinə gedən sıldırım qayaların əhatəsindəki yolda “Niva” və digər yolsuzluq avtomobillərinin də hərəkətində çətinlik yaranıb.
Texnika üçün yaxınlıqdakı hərbi hissəyə müraciə olunub. Tezliklə hərbi nəqliyyat vasitəsinin köməyilə onlar Bənd adlanan əraziyə çatıblar.
Polis əməkdaşları qar uçqununun altında zərbə nəticəsində şüşələri sınmış halda olan həmin avtomobildə köməksiz vəziyyətdə qalmış Daşkəsən rayon sakini Asif Bayramovu, sərnişinləri - Talallar kənd sakini Fuad Məmmədovu, Daşkəsən rayon sakini Xaliq İsmayılovu, Gəncə şəhər sakini Xəqani Quliyevi və Goranboy rayon sakini Mikayıl Abdullayevi xilas edib, onlara ilkin tibbi yardım göstərilib.
Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı